24 May 2026,
SOCAR-ın “Azəriqaz” İB-nin Naxçıvan Regional Qaz İstismarı İdarəsində həyata keçirilən struktur islahatları çərçivəsində kadrların yenidən qiymətləndirilməsi və yerləşdirilməsi prosesi artıq yekun mərhələyə çatır. Bu proses İdarənin fəaliyyətini daha səmərəli, çevik və müasir tələblərə uyğunlaşdırmaq məqsədi daşıyır.
Struktur dəyişikliyi ilə əlaqədar olaraq, baş direktorun insan kapitalı üzrə müavini Xəqani Bəşirlinin Naxçıvana işgüzar səfəri baş tutub.
Səfərin əsas məqsədi çilingər heyətinin yenidən dəyərləndirilməsi olub. Çilingər əməkdaşlarla fərdi müsahibələr aparılıb, onların praktiki bacarıqları, təhlükəsizlik qaydalarına riayət etmə səviyyəsi və real iş mühitindəki peşəkarlığı qiymətləndirilib. Müsahibə nəticələrinə əsasən bir sıra çilingər əməkdaşlar usta vəzifəsinə layiq görülüb.
Aparılan dəyişiklik həm işçi heyətinin səlahiyyət və məsuliyyət bölgüsünün optimallaşdırılmasına, həm də vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli təşkilinə xidmət edir. Qeyd edək ki, kadr yerləşdirmə prosesi yaxın günlərdə tam yekunlaşdırılaraq yeni struktur üzrə fəaliyyətə başlanacaq.